Wizz Air Abu Dabidən Almatıya yeni reys açır

BƏƏ-nin Wizz Air Abu Dhabi aviaşirkəti dekabrın 17-də Abu Dabidən Almatıya yeni reys açacaq.
“Fins.az” xəbər verir ki, bu barədə çərşənbə günü Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Hava yolları şirkətinin açıqladığı məlumata görə, dekabrın 17-də “Wizz Air Abu Dhabi” aviaşirkətinin Almatı-Əbu-Dabi marşrutu üzrə yeni beynəlxalq reysinin açılış mərasimi keçiriləcək. Uçuşlar sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla həftədə iki dəfə A320 neo tipli təyyarə ilə həyata keçiriləcək.
Mətbuat xidmətində qeyd edildiyi kimi, yeni hava yolunun açılması ölkələr arasında əlaqəni yaxşılaşdıracaq, ticarət-iqtisadi əlaqələrin daha da inkişafına və BƏƏ-yə turist axınının artmasına töhfə verəcək. Açıqlamada “Əbu-Dabi-Nur-Sultan marşrutu üzrə Wizz Air Abu Dhabi reysinin açılması 2022-ci ilin yanvar ayına planlaşdırılır,”-deyə şirkətin açıqlamasında qeyd olunur.
Qeyd edək ki, Wizz Air Abu Dhabi, Abu Dabi hava limanında yerləşən ucuz bir aviadaşıyıcıdır. Aviaşirkət 32 marşrut üzrə 23 ölkəyə beynəlxalq uçuşlar həyata keçirir.