SOCAR-ın Azərbaycanda gəliri artıb
02 İyul
498

SOCAR-ın Azərbaycanda gəliri artıb

2020-ci ildə SOCAR-ın fəaliyyət göstərdiyi ölkələrdən - Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) gəlirləri artıb, İsveçrə, Türkiyə və Gürcüstanda azalıb.

Fins.az SOCAR-ın illik maliyyə hesabatına istinadən xəbər verir ki, Şirkət 2020-ci ildə əldə etdiyi 49 milyard 607 milyon manat cəmi gəlirin 61,4%-ni İsveçrədə qazanıb. Bu nisbət 2019-cu ildə 76% idi. Belə ki, SOCAR 2019-cu ildə 83 milyard 752 milyon manat cəmi gəlirin 63 milyard 735 milyon manatını İsveçrədə qazanmışdı.

2019-cu illə müqayisədə 2020-ci ildə Azərbaycanın ən iri şirkətinin İsveçrə-də gəlirləri 2,1 dəfə azalaraq 30 milyard 478 milyon manata, Türkiyədə gəlirləri 18,7% azalaraq 7 milyard 618 milyon manata, Gürcüstanda gəlirləri isə 10,8% azalaraq 1 milyard 45 milyon manata düşüb. Şirkətin Azərbaycanda gəlirləri  2,7% artaraq 6 milyard 311 milyon manata, Birləşmiş Ərəb Əmirliklərində gəliri 29% artaraq 2 milyard 223 milyon manata, digər ölkələrdə gəliri 20,6% artaraq 1 milyard 932 milyon manata yüksəlib. 

Gəlirlərin azalmasına dünya bazarında neft və təbii qazın qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, həmçinin neft və neft-kimya məhsullarının gəlir marjalarının əhəmiyyətli dərəcədə azalması təsir göstərib. Şirkət fəaliyyət göstərdiyi bəzi xarici ölkələrdə pandemiyanın iqtisadi təsirlərinə məruz qalıb.