Qeyri-neft sektorunda irəliləyişin şahidi olacağıq
02 İyul
433

Qeyri-neft sektorunda irəliləyişin şahidi olacağıq

Ələt Azad İqtisadi Zonasının yaradılması ilə əlaqədar olaraq Azərbaycan dövləti tərəfindən xüsusi hazırlıqlar həyata keçirilib. Hətta bununla bağlı xüsusi qaydalar və qanunlar hazırlanıb. Bu iqtisadi zonada işləyəcək xarici şirkətlərin fəaliyyətini tənzimləyəcək qaydalar buraya xarici sərmayənin cəlb edilməsində çox böyük stimul və dəstək olacaq.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, Ələt Azad İqtisadi Zonasının əsas məqsədi qeyri-neft sektorunun inkişafına təkan verməkdir:

"Eyni zamanda Azərbaycanda bu sektoru inkişaf etdirməkdir. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin kəsişdiyi əlverişli coğrafi mövqedə yerləşir. Məhz bu üstünlükləri düzgün dəyərləndirmək və xarici səhmdarları bu əraziyə cəlb etmək üçün belə bir zonanın yaradılmasına ehtiyac var idi. Son dövrlərdə əsas nəqliyyat xətləri üzərində baş vermiş qəzalar və müəyyən fors-major hadisələr böyük dövlətləri alternativ yollardan istifadəyə sövq etdi. Məhz Azərbaycan ərazisindən keçən alternativ yollar da böyük iqtisadiyyatı əllərində cəmləşdirən şirkətlər və dövlətlər üçün çox maraqlıdır".

Naqif Həmzəyev qeyd edib ki, hazırda Çindən Avropaya gedən yükdaşımalar üçün ən sürətli yol məhz Azərbaycan ərazisindən keçir:

"Ən yaxın dövrdə Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra bu yol daha da qısalacaq. Həmçinin ötən günlərdə İran ərazisindən keçməklə Rusiyadan Hindistana gedən yolla ilk yüklər göndərildi. İlk yüklər testdən keçdi. Bu onu deməyə imkan verir ki, Rusiyadan Hindistana yüklərin daşınmasında Şimal-Cənub xəttindən aktiv şəkildə istifadə olunacaq. Ələt Azad İqtisadi Zonasının imkanları xarici səhmdarlar üçün əlverişlidir. Bu da qeyri-neft sektorunun inkişafına çox böyük dəstəkdir. Ələt Azad İqtisadi Zonasında yaxın gələcəkdə baş verəcək irəliləyiş qısa müddətdə Azərbaycan iqtisadiyyatının inkişafına böyük təkan olacaq. Bu da Azərbaycanın neftdən asılılığını azaldacaq. Qeyri-neft sektorundan gələn gəlirlər Azərbaycan büdcəsinə axın edəcək. Beləliklə, biz qeyri-neft sektorunda gözlədiyimiz irəliləyişin şahidi olacağıq".

© trend.az